“Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə məxsus keramik plitə istehsalı müəssisəsi rəsmi olaraq açıldı. Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.
20 hektar ərazini əhatə edən müəssisə, Çinin ən qabaqcıl texnologiyalarından istifadə edərək yüksək keyfiyyətli keramik plitələr istehsal edəcək. Müəssisə tamamilə Çin investorlarına məxsus olaraq əvvəlcə 40 milyon ABŞ dolları investisiya və 400 işçi ilə fəaliyyətə başlamaq planlaşdırılsa da, investisiya məbləği 50 milyon ABŞ dollarına çatdırılıb və hal-hazırda 484 nəfər işçi çalışır. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisə, məhsullarını həm daxili bazara, həm də regional və MDB ölkələrinə ixrac edəcəkdir.
Hazırda "Vanhong Ceramics" Çində 5 zavoda və digər 5 ölkədə müəssisələrə malikdir.
"Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Baş direktoru Çiyi Vanq Prezident İlham Əliyevə müraciət edərək dedi: “Cənab Prezident, keramik plitə istehsalı müəssisəsinin açılışında iştirak edərək bizə qürur bəxş etdiyiniz üçün təşəkkür edirik."
Prezident İlham Əliyev cavabında dedi: “Siz Azərbaycana çox böyük investisiya qoymusunuz; 81 milyon manat investisiya ciddi bir rəqəmdir. Bu yatırımlar, xüsusilə sizin, yəni Çin şirkətinin töhfəsidir. Burada təxminən 500 işçinin çalışdığını gördüm ki, bu da bizim məşğulluq proqramımıza töhfədir. Belə müəssisələr, Azərbaycan-Çin dostluğunu daha da gücləndirir. Bu zavod bir il yarıma tikilib və mən onun təməlini bir il yarım əvvəl qoymuşdum."
Çiyi Vanq: “Bəli.”
Prezident İlham Əliyev: “Əminəm ki, fəaliyyətiniz uğurlu olacaq və işinizi davam etdirəcəksiniz.”
Çiyi Vanq: “Sizin dəstəyinizlə hər şey yaxşı olacaq.”
Prezident İlham Əliyev: “Çox yaxşı məhsuldur. Artıq idxala ehtiyac yoxdur. Yerli bazarı təmin edəcəksinizmi?”
Çiyi Vanq: “Bəli, təmin edəcəyik.”
Dövlət başçısı müəssisənin fəaliyyətini rəsmən başlatdı.